Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Qəbələ” və “Sumqayıt” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün “Sumqayıt Arena”da qarşılaşıblar.
İki qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Meydan sahiblərinin qolunu Höccət Haqverdi vurub. Qonaqların heyətində isə İsmael Akinade fərqlənib.
Xatırladaq ki, “Qəbələ” daha öncə keçirdiyi yoxlama matçında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi. “Sumqayıt” isə yay fasiləsində ilk sınaq matçını keçirib.
Qəbələnin eyniadlı təmsilçisi iyulun 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə də qarşılaşacaq. “Sumqayıt” isə avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində daha 4 yoxlama görüşü keçirməyi nəzərdə tutub. Komanda iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.


