Qabriel Jezus: “Son dəfə ağrısız nə vaxt oynadığım yadıma gəlmir”

İngiltərənin “Arsenal” klubunun braziliyalı hücumçusu Qabriel Jezus futbol oynayarkən daim fiziki ağrı hiss etdiyini bildirib.

Arena.az xatırladır ki, Jezus bu yaxınlarda dizindən aldığı zədədən sağalıb və bu səbəbdən “topçular”ın heyətində 5 oyunu buraxıb.

“Bəzən mən bunu dizimdə hiss edirəm. Sonuncu dəfə nə vaxt ağrısız futbol oynadığımı xatırlamıram. Ruhumu güclü tutmağa çalışıram”, deyə Jezus vurğulayıb.

“Palmeyras”ın yetirməsi olan Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,2 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. “Qabbi”nin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Jezus komandasının heyətində 28 oyuna 8 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. O, “topçular”ın heyətində bütövlükdə 61 oyun keçirib, 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı Qabriel Jezusu 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: