“Qarabağ” bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı ilk oyununa keçirəcək.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasında ilk görüş Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Covanni Baççini və Alessandro Lo Çiçero kömək edrəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək.
Komandalar arasındakı cavab görüşü gələn həftə Bolqarıstanda keçiriləcək. İyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda baş tutacaq cavab matçının start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Ağdam klubu səfərdə işini çətinə salmamaq üçün Bakıdakı ilk oyundan inamlı qələbə ilə ayrılmağa çalışmalıdır. Əks halda mərhələni adlamaq xeyli çətinləşəcək.
Xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul
20:00. Qarabağ – ÇSKA (Sofiya)
Hakimlər: Daniele Çiffi, Covanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


