“Qarabağ” bu gün “Olimpiya” ilə ilk matçına çıxacaq

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv bu mərhələdə Sloveniya çempionu “Olimpiya” ilə mübarizə aparır.

UEFA Çempionlar Liqası ilə vidalaşmış çempion rəqiblərin ilk görüşü Sloveniyanın paytaxtı Lyublyanada baş tutacaq. Ağdam klubu 16 min azarkeş tutumuna malik “Stojitse” stadionundakı ilk oyundan sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Xatırladaq ki, “köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib – 1:0, 0:0.

Azərbaycan komandalarından artıq fəaliyyətini dayandırmış “Şəfa” da “Olimpiya” ilə qarşılaşıb. 2001/2002 mövsümündə UEFA Kubokunda (indiki Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanıb – 4:0, 3:0.

Cari avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlamış “Olimpiya” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, 3-cü təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilib. Azərbaycan çempionu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”una qalib gəlsə də, Polşa “Rakuv”unu keçə bilməmişdi. Azərbaycan təmsilçisi Avroliqanın 3-cü təsnifat mərhələsində də Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu

24 avqust

22:00. “Olimpiya” – “Qarabağ”
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: