“Qarabağ” HJK üzərində əzmkar qələbə ilə pley-offda!

“Qarabağ” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK komandası ilə cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu Bakıda baş tutan ilk qarşılaşmada 2:1 hesablı çətin qələbəyə sevinmişdi.

Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Lakin təmsilçimiz qələbə qazanmaqla UEFA-ın həm klub, həm də ölkə reytinqinə öz töhfəsini verə bilərdi.

Helsinki şəhərində baş tutan qarşılaşmada hesabı meydan sahibləri açıblar. Yenə qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvi komandasına baha başa gəlib. Amma bundan az sonra rəqib komanda azlıqda qalıb. Azərbaycan çempionu bu üstünlükdən fasiləyə qədər yararlanmağı bacarıb. Hissəyə əlavə olunmuş dəqiqələrdə rəqib qapısına təyin olunmuş penaltini Toral Bayramov dəqiq yerinə yetirib. İkinci hissədə isə komandamız daha bir qol vurmaqla əzmkar qələbəyə sevinib və Avroliqada pley-offa vəsiqə qazanıb.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyunu avqustun 24-də səfərdə, cavab görüşünü ayın 31-də evdə keçirəcək.

HJK-nı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul”la (Rumıniya) görüşlər gözləyir.

“Qarabağ” bu uğuru sayəsində tarixində ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynamaq hüququ qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu mövsüm ən azı Avropa Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib. Ağdam təmsilçisi həm də avrokubokların qrupunda ən çox oynayan Azərbaycan klub kimi özünəməxsus rekordu yeniləyib.

Xatırladaq ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, 7 dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/2023) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.

Ağdam klubu bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” komandasına səfərdə 2:1, evdə 4:0 qalib gəlsə də, Polşa çempionu “Rakuv”a səfərdə 2:3 uduzub, evdə 1:1 hesablı heç-heçəyə razı olub. HJK isə startda Şimali İrlandiya təmsilçisi “Larne”ni evdə 1:0 yenib, səfərdə 2:2 hesablı heçəyə razılaşıb. Ardından İsveç “Molde”sinə də evdə 1:0 qalib gəlmiş Helsinki təmsilçisi səfərdə 0:2 hesabıyla uduzduğu üçün Çempionlar Liqası ilə vidalaşıb.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust

HJK – “Qarabağ” 1:2
Qollar: Santeri Hostikka, 10 – Toral Bayramov, 45+3-pen. Yassin Benzya, 56.
Qırmızı vərəqə: Kevin Kuassivi-Benissan, 16 (ikinci sarı).
Baş hakim: Villi Delayod (Fransa).
Helsinki. “Bolt Arena”.
İlk oyun – 1:2.

HJK: 85. Niki Myanpa, 2. Tuomas Ollila (14. Matti Peltola, 46), 4. Yoona Toyvio, 9. Boyan Raduloviç (17. Hassane Bande, 62), 10. Lukas Linqman, 15. Miro Tenho (k) (6. Aapo Halme, 39), 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos (56. Perparim Hetemay, 62), 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka (29. Entoni Olusanya, 46).
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 8. Filip Rogiç, 11. Roope Riski, 37. Atomu Tanaka.
Baş məşqçi: Toni Korkeakunnas.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 46), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (5. Maksim Medvedev, 86), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 79), 10. Abdullah Zubir, 19. Redon Cica (18. Juninyo, 73).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: