UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 2-ci turunun “Qarabağ” – “Kopenhagen” oyununa satılmış biletlərin sayı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakıda keçiriləcək bu oyuna indiyədək 27 500 bilet satılıb. Qarşıdakı günlərdə bu göstəricinin daha da artması istisna edilmir.
Qeyd edək ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
“Qarabağ” avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər də edib. Belə ki, “Kopenhagen”lə ev oyunu öncəsi tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
Bundan sonra mərkəzi arenanın bəzi tribunaları belə adlandırılacaq:
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.


