“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində qarşılaşdığı İsveçin “Hakken” komandası ilə ev oyununda 2:1 hesablı qələbəyə imza atıb.
Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə yarım (0,500) xal əlavə edilib.
Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 4.875 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 3,750 xalı isə məhz “Qarabağ” əldə edib.
Son 5 mövsümdəki ümumi əmsalı 19.125-ə çatan Azərbaycan reytinqdə Rusiyanı geridə qoymaqla bir pillə irəliləyib və hazırda 28-ci pillədə qərarlaşıb. UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla hazırda 29-cu sıradadır. Slovakiya isə 19,625 xalla 27-cidir.
Reytinq cədvəlinə yenə İngiltərə (100,553) başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (80,909) dördüncü, Fransa (62,164) isə beşinci sıradadır. Türkiyə 37,100 balla 9-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


