Məlum olduğu kimi, “Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu buna pley-offda Macarıstan çempionu “Ferentsvaroş”u mübarizədən kənarlaşdırmaqla nail olub.
Qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələlərində iştirak etmiş yeganə Azərbaycan klubu olan “Qarabağ” ikinci dəfə ən güclülər sırasında mübarizə aparacaq. Komanda 2017/2018-ci illər mövsümündə qrup mərhələsi formatlı əsas raundda da qüvvəsini sınayıb. “Qarabağ” 2024/2025-ci illər mövsümündən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinə düşmüş ilk Azərbaycan klubu olub.
Ümumilikdə isə “köhlən atlar”ın avrokubokların əsas mərhələlərində iştirak seriyası 12-yə çatıb. Komanda ardıcıl 10 dəfə qrup, son iki mövsümdə liqa mərhələsi formatında əsas raundda çıxış edib.
2017/2018 və 2025/2026-cı illər mövsümlərində UEFA Çempionlar Liqasında əvvəl qrup, bu dəfə liqa mərhələsinə yüksəlmiş “Qarabağ” 9 dəfə Avropa Liqasında belə uğura imza atıb. Komanda 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021, 2022/2023 və 2023/2024-cü illər mövsümlərində qrupda, 2024/2025-ci illər mövsümündə isə turnirin liqa mərhələsində mübarizə aparıb. Komanda 2021/2022-ci illər mövsümündə isə Avropa Konfrans Liqasında qrup mərhələsində iştirak edib.
“Köhlən atlar” üç dəfə qrup səddini də keçib. 2021/2022 və 2022/2023-cü illər mövsümlərində Avropa Konfrans Liqasının pley-offuna qədər irəliləmiş komanda 2023/2024-cü illər mövsümündə Avropa Liqasında tarixi uğura – 1/8 finala vəsiqəyə sahib çıxıb.
Sonda onu da qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin püşkatması bu gün keçiriləcək. Tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 36 iştirakçıdan hər biri qarşılaşacağı 8 komandanı tanıyacaq.


