“Qarabağ”ın Helsinkiyə səfər proqramı açıqlandı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK klubunun qonağı olacaq “Qarabağ”ın bu ölkəyə səfər proqramı açıqlanıb.

Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz sabah – avqustun 16-da saat 11:00-da Finlandiyaya yollanacaq.

Baş məşqçi Qurban Qurbanovun avqustun 16-da yerli vaxt ilə saat 19:15-də (Bakı vaxtı ilə 20:15) mətbuat konfransı başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşdığı Finlandiyanın HJK komandasında Bakıdakı oyunda 2:1 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü avqustun 17-də Helsinki şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

“Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: