Qırğızıstanda futbolçular qadını yanğından xilas ediblər

Qırğızıstanda “Oşmu Aldier” klubunun formasını geyinən futbolçular baş vermiş yanğın zamanı yaşlı qadının həyatını xilas ediblər.

Arena.az xəbər verir ki, hadisə futbolçular məşqdən bazaya qayıdarkən baş verib.

Onlar qonşu evdə yanğın olduğunu görərək hadisə yerinə yaxınlaşıblar.

Futbolçular evin ikinci mərtəbəsində səhhətinə görə mənzili təkbaşına tərk edə bilməyən yaşlı qadını aşkar ediblər. Yanğınsöndürənlərin gəlişinə qədər oyunçular qadının evdən çıxmasına kömək edib və onu təcili tibbi yardım əməkdaşlarına təhvil veriblər.

“Oşmu Aldier”in mətbuat xidməti hadisə ilə bağlı açıqlamasında futbolun yalnız meydandakı nəticələrdən ibarət olmadığını vurğulayıb və futbolçularla qürur duyduğunu bildirib.

Hadisədə Andrey Sidorov, Maksim Visotski, Vladimir Maslovski, Mirlan Xudayberdiyev, Şerzodbek Kodirov və Temirlan Jakıpov iştirak ediblər.

Qeyd edək ki, “Oşmu Aldier” Qırğızıstanda yüksək liqa təmsilçisidir. Sözügedən komanda cari mövsümdə 22 oyuna topladığı 27 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: