“Qızıl top” qalmaqalı: “Real” UEFA prezidentini hədəf seçdi

Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən, “Qızıl top” “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib.

Arena.az məlumat verir ki, təşkilatçıların bu qərarı futbol dünyaını iki cəbhəyə ayırıb.

Bir qisim Rodrinin ən nüfuzlu fərdi futbol mükafatını almasını qəbullansa da, digər cəbhə təşkilatçıları ədalətsizlikdə suçlayaraq, “Qızıl top”un “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora təqdim edilməli olduğu qənaətindədir.

Oktyabrın 28-də Parisin, Sena çayı sahilindəki eyniadlı meydanda yerləşən “Şatle Teatrı”nda baş tutmuş, “Qızıl top” mükafatının təqdimetmə mərasimində xoşagəlməz hadisə yaşanıb. Dünyanın ən yaxşı futbolçusu adına namizəd, qalib elan olunmazdan əvvəl zaldakı tamaşaçılar “Real”ın braziliyalı cinah hücumçusu Vinisius Juniorun adını qışqırmağa başlayıblar. Tədbirin canlı efirində isə insanların hay-küyü aydın eşidilib.

Xatırladaq ki, “Real”ın nümayəndə heyəti Rodrinin mükafatı qazanacağı haqda məlumat sızıntısından sonra tədbirə buyurmayıb.

Bu arada “Real”, braziliyalı oyunçusunu pərişan etmiş “tələni” kimin qurduğunu müəyyən edib:

“Kral klubu”nun prezidenti Florentino Peres və “Real”ın digər rəhbərləri əmindirlər ki, UEFA prezidenti Aleksander Çeferinin bu vəziyyətə böyük təsiri olub. Səbəb isə odur ki, Peres və Madrid klubu futbol Super Liqasının yaradılmasını dəstəkləyirlər. UEFA prezidenti isə belə bir yarışın qəti əleyhinədir.

“Barselona”nın futbolçuları isə “Qızıl top” mərasiminin nəticəsini bilməkdən xoşbəxt olaraq, göyün yeddinci qatına uçublar. “Blauqrana” düşərgəsi mükafatı “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun deyil, “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodrinin almasına şad olublar.

Mərasimdə iştirak edən “Barselona”nın futbolçuları, xüsusən Daniel Olmo, Lamin Yamal, hələ səsvermənin nəticələri elan olunmamışdan əvvəl, komanda yoldaşlarına mükafatın Rodriyə verilmə ehtimalının yüksək olduğunu bildiriblər. Rəsmi açıqlamadan sonra “Barselona”nın bir çox futbolçusu yarımmüdafiəçini təbrik edib. Bunun həm Rodrinin milliyyətcə ispan olması, həm də mükafatın “Barselona”nın əzəli rəqibi “Real”ın futbolçusuna verilməməsi ilə əlaqədar olduğu bildirilir.

Əlavə edək ki, bir çox nüfuzlu nəşrlər “Real”ın nümayəndə heyətinin tədbirə gəlməməsini tənqidlə qarşılayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: