“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sına qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasında bu gün Bakıda baş tutmuş ilk oyunda qalib müəyyənləşməyib – 0:0.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
“İlk dəqiqələrdən gərgin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq xarakterli idi. ÇSKA bir az bizi çətinliyi salırdı. Fərqli-frəqli sistemlərdə oynaya bilən komandadır. Bizim üçün xoş oldu. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq.
Hava şəraiti hər iki komanda üçün eyni idi. Amma azarkeşlər üçün havanın sərin olması daha yaxşı idi. Bu gün çox isti var idi. Futbolçular belədə çox enerji itirirlər. Bəzən belə hallarda, bu cür birəbir oynayan bilən komandaya qarşı enerji az olanda istədiyini edə bilmirsən. Daha sərin hava olsaydı, azarkeşlər üçün də daha baxımlı oyun olardı”.
Qurban Qurbanov Elvin Cəfərquliyevin yenidən əsas heyətə qayıtması barədə sualı da cavablandırıb:
“Mənim özüm də hələ əsas heyəti tam formalaşdırmamışam. Zaman keçdikcə bilinəcək. Elvin bu cür davam etsə, bəli. Yaxşı olacaqsa, niyə də start heyətinə qoymayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər get-gedə daha çox olacaq”.
Qurban Qurbanov heç-heçəni süpriz hesab etmir
Qurbanov rəqib komanda ÇSKA barədə xoş sözlər səsləndirib və bu komandanı mübarizədən kənarlaşdırmaq şanslarından söhbət açıb:
“Hamı bizə hörmətlə yanaşır, hamı bizə fərqli gözlə yanaşır. Daha ciddi, daha məsuliyyətli. Biz bunu hiss ediriksə, biz ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha yaxşı olmalıyıq ki, stabil nəticələrimiz olsun.
ÇSKA bu gün səfərdə oynayırdı. Evə sərfəli nəticə ilə dönürlər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə sevinirdilər. Son vaxtlarda bildiyim qədərilə, komandadan narazılıq var idi. Amma komandanın bu gün göstərdiyi performansdan razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət üçün gedəcəyik. Bu heç-heçəni sürpriz kimi qəbul etmirəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malikdirlər. Biz hansısa lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun. ÇSKA-nın da gücü var ki, biz səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsinlər”.
“Mərhələni keçəcəyimizə inanırıq” – Xristo Yanev
ÇSKA-nın baş məşqçisi Xristo Yanev də matçdan sonra fikirlərini bölüşüb:
“Bizim üçün bu oyun çox vacib idi. Futbolçular özlərini çox yaxşı tərəfdən göstərdilər. Revanş matçında da belə davam edəcəklər. Bütün futbolçular çox motivasiyalı idilər. Onların ailələri də oyuna baxır, izləyir. Hər komandaya hörmətlə yanaşırıq. Hər dəfə planlaşdırdığımız kimi olmur. Sadəcə qarşımızda məqsəd var. Qarşıdakı matçı da udmaq istəyirik ki, mərhələ adlayaq.
“Qarabağ” çox güclü klubdur. Hər kəs bunu bilir. Biz də bunu başa düşürük. “Qarabağ”ın futbolçuları çox güclüdürlər. Buna görə də düşünürdülər ki, vəziyyət başqa cür də ola bilər. Bərabərlik bizim üçün yaxşıdır.
Fasilədə futbolçularıma dedim ki, ehtiyatlı oynasınlar. Danışdıq ki, elə oynayaq, qol buraxmayaq. Bunların hamısını nəzərə alaraq, hücum da etdik. Amma daha çox qol buraxmamağa çalışırdıq.
Cavab matçında sxemdə dəyişiklklər olacaq. Öz səhvlərimizi bilirik. Həmin mövqelərdə düzəlişlər ediləcək. Stadion tam dolu olacaq. Revanş oyununa çox ümidliyik. Qalib olacağımıza çox inanırıq”.



