Emin Mahmudov: “Həmin günü heç vaxt unutmayacağam”

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov yığmadakı karyerasını bitirməyə qərar verməsini şərh edib.

Arena.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

34 yaşlı futbolçu millidəki karyerasını başa vurmaq qərarı barədə açıqlamasında bunları qeyd edib:

“Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşmək istəyirəm. Azərbaycan milli komandasındakı karyeramı başa vururam. Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi”.

Mahmudov geridə qalmış illər ərzində unudulmaz anlar yaşadığını, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyi duyğular hiss etdiyini deyib:

“Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəklərini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, 16-da isə Andorra ilə yoxlama oyununda üz-üzə gələcək. Andorra ilə görüş Emin Mahmudov üçün millidə sonuncu olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: