“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qurban Qurbanov yeni gələn futbolçuların performansı barədə sualı belə cavablandırıb:
“Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda millinin oyunları ilə əlaqədar fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq”.
Qurban Qurbanov Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı barədə suala isə qısa cavab verib:
“Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur”.
“Müəyyən sınaqlardan keçirik” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə heç-heçəyə belə şərh verib:
“Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata uğurlu start götürdüyü üçün baxımlı futbol gözlənilirdi və elə də oldu. Azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Matç boyu yüksək intizam və əzmkarlıq nümayiş etdirən futbolçularıma, həmçinin bizi tək qoymayan fanatlarımıza təşəkkür edirəm. Ötən tur “Sabah”a 0:5 hesabı ilə uduzmağımıza baxmayaraq, onlar oyun zamanı və matçdan sonra komandaya böyük dəstək göstərdilər. Futbolçularla bu dəstəyi xüsusi müzakirə etmişdik və bu gün meydandakı mübarizə ilə onlara təşəkkürümüzü bildirmək istəyirdik. “Qarabağ” keyfiyyətli futbol oynadı, məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Əsas məsələ nəticə yox, futbolçularımın nümayiş etdirdiyi əzmkarlıq və nizam-intizam idi.
Oyuna 4-lü müdafiə sistemi ilə hazırlansaq da, Eren Aydın, Dimitri Leqbo, Kris Diqbeu və Georgi Papunaşvilinin zədələnməsi bizi məcbur etdi ki, 2 gün ərzində taktikanı dəyişək. Futbolçuların bu qısa müddətdə yeni tapşırıqları yüksək intizamla yerinə yetirməsi mənim üçün qürurvericidir. Maykon Kleytonun Braziliyada bərpa müddəti davam edir, isinmə zamanı gözlənilmədən əli qırılmışdı. Cari ildə dörd futbolçumuz çiyin çıxığı zədəsi alıb. Bu gün hətta 20-ci dəqiqədə Vieyrinya da zədələndi. Müəyyən sınaqlardan keçirik və öhdəsindən gəlməyə çalışırıq.
Avrokuboklara görə iyun ayından bir tempdə gəlirdik, buna görə də fasilənin ritmimizə təsiri barədə müəyyən narahatlıq var. İndi fasilə istəməzdik, lakin “Turan Tovuz”la vacib səfər matçımız var. Qazanılan xallardan daha vacibi komandanın nümayiş etdirdiyi keyfiyyət idi. “Sabah”a uduzduğumuz matçda da komandam yaxşı oynamışdı, sadəcə rəqib son vuruşlarda daha dəqiq idi. Vacib olan hazırkı oyunu qoruyub təkmilləşdirməkdir”.


