“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK-ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Finlandiya klubu ilə Bakıda baş tutan ilk qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
“Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm. Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik”.
Pley-offa çıxmaq şanslarını dəyərləndirən “Qarabağ”ın baş məşqçisi cüzi üstünlük qazandıqlarını vurğulayıb: “Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var”.
Qurban Qurbanov Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Serbiya “Partizan”ına 2 cavabsız qolla qalib gələn “Sabah” komandasını da təbrik edib: “İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcək, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar”.
“Qarabağ”ın hər iki qol zamanı sanki yuxuladıq”
HJK komandasının baş məşqçisi Toni Korkeakunnas isə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Məğlub olduğumuz üçün qarışıq hisslər keçirirəm. Matça ehtiyatlı başladıq və ilk dəqiqələrdə passiv idik. Lakin vəziyyəti olduqca tez düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı daxil olduq. Vaxt keçdikcə cəsarətimiz artdı və rəqibin təzyiqini qıra bildik. Daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, sonadək dözə bilmədik. “Qarabağ” kimi rəqiblər isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər. Rəqibin vurduğu hər iki qol zamanı sanki yuxuladıq”.
O, cavab matçı üçün ümidli danışıb: “Bu oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. İddiamız artır və hər dəfə bunun əlamətləri daha çox görünür. Oyunumuz istədiyimiz səviyyəyə çatmağa başlayır. Hələ heç nə həll olunmayıb”.
Xatırladaq ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Sözügedən kollektivlərin ilk görüşündə İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.


