Qurban Qurbanov: “İkinci qol oyunu bir az asanlaşdırdı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə “Zirə” çox yaxşı müdafiə olundu. Futbolçular bir-birini tapmaqda çətinlik çəkirdilər. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı.

Rəqiblər bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Biz başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək”.

Qurban Qurbanov ən yaxın izləyiciləri olan “Araz-Naxçıvan”dan da söz açıb:

“Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. “Qəbələ”də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdır. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyun var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. “Araz-Naxçıvan” maraqlı oyun göstərir. Rəqibdən çəkinmirlər, daim öz düşündüklərini meydanda göstərmək istəyirlər. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar”.

Rəşad Sadıqov: “Standart vəziyyətlərlə bağlı problemlər yaşayırıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Xal və ya xallar qazanmaq istəyirdik. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. “Qarabağ” kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadılar. İstəkli idilər. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Hələ ki, bu məsələni çözə bilmirik. “Omoniya” ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. “Osiyek” və “Şerif”lə matçlarda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Bunlar bizə istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq”.

Rəşad Sadıqov bu oyunda ciddi almış Qismət Alıyev və Rüstəm Əhməzadənin durumundan da söz açıb:

“Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi… “Qarabağ” kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Ələkbərov da dəyişiklik istəyirdi. Sadəcə, dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı”.

Xəbəri sosial şəbəkələrdə paylaş: