Qurban Qurbanov: “Narahatlığım yoxdur, buna nə gərək var?”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HJK ilə ilk oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya klubları arasındakı ilk oyun sabah Tofiq Bəhramov adına Respublika baş tutacaq və saat 20:00-da başlayacaq.

Qarşılaşmadan öncəki mətbuat konfransında Qurban Qurbanov əvvəlcə bunları söyləyib:

“Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi şəkildə oyuna hazırlaşırıq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək. Son oyunlardakı uğursuzluqlardan sonra komandada gərginlik ola bilər. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir, bu yolla gəlirik. Narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığa nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmayacaq. Amma 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik”.

Qurbanov rəqiblə də bağlı fikirlərini bölüşüb: “Bu komandanın təhlükəli və sürətli oyunçuları var. Xüsusilə müdafiə xəttini fərqləndirərdim. Amma indi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Sadəcə, çox yaxşı müdafiə olunurlar. “Rakuv”un oyun üslubuna yaxın futbol sərgiləyirlər. Buna diqqət etməliyik”.

Təcrübəli mütəxəssis yenidən Tofiq Bəhramov adına Respublika stadionunda avrokubok oyunu keçirmələrinə də toxunub: “Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə, mərkəzi arena bizə daha yaxşı tanışdır. Çoxdandır, orada oynamırıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, bu məqamın faydası olacaq”.

“Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam”

Qurbanov 2 il əvvəl HJK-nın “Neftçi”ni Avropa Liqasından kənarlaşdırmasının hazırda ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Keçmişə çox da baxmırıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. Rəqibin hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü rəqiblə bağlıdır”.

O, heyətlə bağlı ciddi problemlərin olmadığını əlavə edib: “Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Yalnız Marko Veşoviçlə Abbas Hüseynov zədəlidir. Son çempionat oyunundan sonra bəzi futbolçularda mikrozədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir”.

Qurbanov Çempionlar Liqasında Polşa “Rakuv”una, Premyer Liqada isə “Zirə”yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalmasına da münasibət bildirib: “Ölkəmi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq. Bacardığımızdan da artığını etməliyik ki, bizim ölkəmizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqqında çox da fikir bildirmək istəmirəm. Normal haldır. Mən azərbaycanlıları və vətənimi çox sevirəm”.

Korkeakunnas: “Bizi səfərdə çətin oyun gözləyir”

HJK-nın baş məşqçisi Toni Korkeakunnas da Bakıdakı matçla bağlı fikirlərini bölüşüb. 55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin bacarıqlı və sürətli oyunçulardan ibarət fəal komanda olduğunu bildirib: “Hər iki matçda Polşa çempionunu oyun baxımından üstələdilər. Rəqib bəzən xaotik oynasa da, futbolçuların anlaşması yaxşı səviyyədədir. Bizi səfərdə çətin oyun gözləyir”.

Finlandiya klubunun çalışdırıcısı Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən Bakıda oynamayacağını açıqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: