“Real”ın keçmiş yarımmüdafiəçisi Quti Zinədin Zidanı yenidən “qaymaqlılar”ın baş məşqçisi kimi görmək istədiyini bildirib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
“Zidanı yenidən “Real”da görmək istərdim. Mourinyo baş məşqçi olanda oyunlara baxmaqdan sıxılırdım. Bu, gerçəklikdir. Mourinyo “Real”a gərək olan məşqçi deyil. Zidan niyə üçüncü dəfə gəlməsin? Bu klubda uzun müddət çalışa bilən məşqçilər var, çünki onlar bu klub üçün mükəmməldirlər”, deyə Quti bildirib.
Xatırladaq ki, son vaxtlar “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottinin cari mövsümün sonundan Madridi tərk edərək, Braziliya millisini çalışdıracağı, onun əvəzinə isə Joze Mourinyonun “Real”ın sükanı arxasına gətiriləcəyi haqda şayiələr dolaşır.
Xatırladaq ki, “Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.
Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.


