“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bröynenin zədəsi haqda danışıb.
Arena.az xəbər verir ki, ispan mütəxəssis belçikalı oyunçunun vəziyyətinin xoşagəlməz olduğunu açıqlayıb.
O, “Mançester Siti”nin rəsmi saytına açıqlamasında bunları söyləyib:
“De Bröynenin çox ciddi zədəsi var. O, bir neçə aylığa sıradan çıxıb. Yaxın günlərdə əməliyyatla bağlı qərar verməli olacağıq, amma biz Kevini müəyyən müddət itirdik”, deyə Qvardiola bildirib.
De Bröyne Qvardiolanın qurub çalışdırdığı “Mançester Siti”nin aparıcı futbolçusudur. Kevin “şəhərlilər”in Premyer Liqanın açılış oyununda “Börnli”ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib və dərhal əvəzlənib. Belçikalı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda da forma geyinməyəcək.


