“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Oyundan sonra Rəşad Sadıqov komandasının çıxışı barədə fikirlərini açıqlayıb:
“Keçən il olduğu kimi, yenə də bizə 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşmüşdü. Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək. Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi. 3-cü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı. Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq. “Şamaxı” xarakterli komandadır, sona qədər mübarizə apardılar. Bu period üçün olduqca vacib qələbə qazandıq.
Son matçla müqayisədə əsas heyətdə 7 fərqli futbolçu var idi. Mən futbolçular arasında fərq qoymuram. Mənim üçün hər biri aparıcı oyunçudur. Bütün fikrimiz bu matçda idi. Sabahdan artıq “Kəpəz”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib səfərdir. Tovuz stadionunda oynamaq həmişə çətindir”.
Qeyd edək ki, “Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşacaq. Növbəti mərhələnin oyunları ev-səfər prinsipi ilə keçiriləcək.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Maraqlı oyun oldu. İlk standart vəziyyətdən qol buraxdıq. Bundan sonra ucuz səhvdən hesab 0:2 oldu. Dönüş etmək istədik. Epizodlar da oldu. Birinci hissədə qol vura bildik. Rəqibin 3-cü qolu təsadüfən alındı. “Zirə”ni təbrik edirəm. Əsas fikrimizi çempionata yönəltməliyik. Futbolçuların performansı xoşuma gəldi. Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Məğlubiyyətlər olanda komandada ruh düşkünlüyü yaranmır. Çempionatın sonuna qədər mübarizə gedəcək. Komandanın potensialı ümid verir. İnanıram ki, bu il Premyer Liqada yerimizi qoruyacağıq”.


