Rəşad Sadıqov: “4 qol vursaq da, məğlub da ola bilərdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün olduqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. Bizi “Sumqayıt”a qarşı vacib oyun bizi gözləyir. Bu oyunu düşünəcəyik.

33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. “Qarabağ”la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? “Neftçi”nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burada 1:2 uduzduğumuz matçda “Neftçi” “Zirə”ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük”.

“Tərifə layiq olsaq, tərifləyəcəklər” – Rəşad Sadıqov

Rəşad Sadıqov komandasının son mövsümlərdə yüksəlişdə olmasının səbəblərindən də söhbət açıb:

“Məşqçiliyə başladıqdan, xüsusilə də ikinci mövsümdən sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunları nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacağam. İndi məni düşündürən “Sumqayıt”la görüşdür”.

Gənc mütəxəssis “Rəşad Sadıqovun görmək istədiyi “Zirə” budur” sualına isə belə cavab verib:

“Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm ki, daha yaxşısını edə bilərəm. Bu gün də düşünəcəyəm, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra “Neftçi” etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəyəm ki, harada düz etmədik ki, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdilər, ona görə iki qol buraxdıq. “Zirə” yaxşıdır, bu, kifayət edir” kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq”, deyə Rəşad Sadıqov əldə etdikləri ilə kifayətlənmək fikrində olmadığını başa düşməyə əsas verib.

“Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsünüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birə-bir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Çox şeyi mətbuat konfransında açıb deyə bilmirik.

“Turan Tovuz”la oyundan sonra “Sabah” da kuboka son çıxış yolu kimi baxır. Nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər.

“Heç bir baş məşqçini tənqid etməyi xoşlamıram”

Rəşad Sadıqov haqqımda xoş sözlər bildiribsə, sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir də, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz “stoyka”sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsinlər.

“Neftçi”də işləmək “Sumqayt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. “Sumqayıt”a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. “Neftçi”də çətin olsa da, çalışırıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: