Rəşad Sadıqov etiraz etdi: “Bu qədər təsadüf ola bilməz”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz (0:0) bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna daha fəal başlayan tərəf biz idik, yaxşı da qol fürsətləri əldə etdik. 30-35 dəqiqə oyun bizim bizim üstünlüyümüz şəraitində keçdi, daha sonra oyun bərabərləşdi. Həmin dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Çünki daha çox mübarizə gedirdi. Süni örtüklü meydanda oynayırdıq, şiddətli külək də var idi. Bu, futbolçuların keyfiyyətli futbol nümayiş etdirməsinə mane olurdu. Amma hər iki komandanın futbolçuları çox istəkli idilər. Buna görə də hər iki tərəfə alqış düşür. Qələbə qazanmaq üçün çox çalışdılar. Ancaq olmadı. Matçın əvvəlində yaxşı qol fürsətlərimiz var idi. Futbolçuların çıxışından razı qaldım. Qələbə üçün əllərindən gələni etdilər.

Rafael Utziq “Zirə” formasında ilk rəsmi matçına çıxsa da, özünü yaxşı tərəfdən göstərdi. Əslində, bu gün ilk dəqiqələrdən başlamasını istəməzdim. Amma məcburiyyətdən belə oldu, seçimimiz yox idi. Rüstəm Əhmədzadə də 5-6 gün idi ki, xəstələnmişdi. Məşqləri buraxmışdı. Utziqlə yanaşı, digər yeni transferimiz Ceyhun Nuriyev də özünü yaxşı tərəfdən göstərdi. Tam optimal formalarını bərpa etmək üçün hər ikisinə də zaman lazımdır. Təəssüf ki, Rüstəm yenidən zədələndi. Onsuz da, hücum xəttində futbolçu qıtlığımız var idi. O da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə olmayacaq. Bu da bizim üçün əlavə problemdir”.

Rəşad Sadıqov “Səbail”in qapısına təyin olunmayan penalti epizodundan da söz açıb: “VAR-ın qərarı düz idi. Penalti epizoduna baxması üçün təcrübəli İnqilab bəy baş hakimi VAR-a çağırdı. Amma baş hakim VAR-da çox qəribə qərar verdi. Açıq-aşkar futbolçumuzun ayağına zərbə vurulur, ikinci sarı vərəqə, ardınca qırmızı verilməlidir. “Zirə”nin oyunlarındakı bu cür qərarlar artıq dördüncü ildir ki, davam edir. Keçən il bir az azalmışdı. Mövsümün əvvəlində də az idi. Bu qədər təsadüf ola bilməz”.

“Qollu heç-heçə olsaydı, daha yaxşı idi”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə qolsuz heç-heçəni belə şərh edib:

“Meydanda dinamik oyun var idi. Hər iki komanda həm hücumda, həm də müdafiədə taktiki cəhətdən savadlı oynamağa çalışırdı. Belə havada topa nəzarət etmək çətindir. İkinci yarıda futbolçularım topu yerə salaraq, nəzarət etməyə çalışırdılar. Futbolçularıma təşəkkür edirəm ki, bacardıqlarından da çoxunu etdilər. Meydanda komanda şəklində xarakter göstərə bildik. Fasilədən sonra ilk oyunumuz idi. Heç-heçə oyuna yaraşırdı. Qollu heç-heçə olsaydı, daha yaxşı idi. Hər iki komanda bir xal qazandı. Heç bir komanda itirmədi. Liderlərin oyunu idi. Heç bir komanda xal itirmək istəmirdi. Bu cür komandaların oyunları altı xallıqdır.

İtkilərimiz qayıtmayıb. İlk dəfədir ki, üçlü mərkəz müdafiəçisi ilə oynayırdıq. Bu da futbolçularımızın olmaması ilə bağlıdır. Yeni transferlər dünən gəlib. Təəssüf ki, Antalya toplanışında bizimlə olmayıblar. Məncə, bu gün sistemimiz işlədi. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: