“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, qosluz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyunun şahidi olduq. Hər iki komanda çox istəkli idi. Texniki səhvdən sonra qapımızda penalti gördük, onun davamında təhlükəli korner oldu. Sonrakı dəqiqələrdə oyunu bərabərləşdirdik, üstünlüyü ələ aldıq. Bir epizodda Mehdi Cənnətov inamlı seyv etdi. Penalti epizodumuz var idi. İkinci hissədə də bir neçə təhlükəli hücumumuz oldu. Hər iki tərəfdə top itkiləri çox idi. Bunda meydança amili də rol oynaya bilər. Or örtüyü son oyunlardan sonra ideal vəziyyətdə deyil. Rafael Utziqlə iki təhlükəli qol epizodumuz oldu. İstifadə edə bilsəydik, qələbə qazana bilərdik. Bu oyunu tezliklə unudub, növbəti matça hazırlaşacağıq.
Turnir cədvəlini nəzərə almasaq, demək olar ki, hər iki komanda 1 xal qazandı. Amma turnir cədvəlini, evdə oynadığımızı nəzərə alsaq, qələbə qazanmaq, xallarımız bərabərləşdirmək bizim üçün vacib idi”.
Rəşad Sadıqov ikinci hissədə meydana İlkin Muradov və Abbas İbrahimi buraxmasının hesabı qorumaq üçün atılmış addım olmadığını bildirib:
“Hücumçumuz yoxdur. Rəhim Sadıxovda yorğunluq hiss etdim. Buna görə də meydana Salifu Sumanı buraxdım. Eldar Quliyevdə də həmçinin. Heyətdə yeganə hücumameyilli oyunçu Salifu Suma idi. Yenə hücumu gücləndirmək istəyirdim. Təəssüf ki, ehtiyatda oyunçumuz yox idi”.
“Bu gün məqsəd uduzmamaq idi”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə 0:0-a belə şərh verib:
“Komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladı. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq, geridönüş edə bilərdik və ya qol vursaydıq, qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq, futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə “Zirə”dən 1 xal almaq pis nəticə deyil.
Penaltilərin qaçırılması həyəcandandır. Bərbad penalti idi. Sayılmayan qola gəldikdə isə yəqin ki, ofsayd var idi. Bunu müzakirə etmirəm. Penalti epizodları zamanı da etiraz olmadı. Referinin düzgün qərar verdiyinə inanıram. Bu gün qol buraxsaydıq, çox çətin olardı”.


