Rəşad Sadıqov “Şerif”ə məğlubiyyətə aydınlıq gətirdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı Avroliqada mübarizəni dayandırdıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunu şərh etmək çox çətindir. Matçı iki hissəyə bölməliyik. Qırmızı vərəqəyə qədər olan hissə və ondan sonra. Qırmızı vərəqəyə qədər hər şey istədiyimiz kimi keçirdi. Qapımız qarşısında təhlükəli hücum imkanı vermirdik. Hesabda da irəlidə idik. Rəqib daha böyük qüvvə ilə irəli atılırdı. Bu dəqiqələrdə daha təmkinli oynayıb, əks-hücumda hesabı artırmaq istəyirdik. Təəssüf ki, heç nədən qırmızı vərəqə aldıq. İlk yarının sonlarında rəqibin üzərimizdə böyük üstünlüyü yarandı. İlk hissədən sonra müəyyən dəyişikliyə getdik. Uşaqlar yaxşı, əzmkar mübarizə apardılar. Təhlükəli vəziyyətlər də olurdu. Məyusedici məqam odur ki, rəqibə epizod vermədən qol buraxdıq. İkisi də ən çox çəkindiyim ikinci mərtəbədən oldu. Oyun epizodundan isə qol imkanı vermədik. Məyusuq. Amma məğlubiyyət bizim böyüməyimizə səbəb olacaq. Təbii ki, düşdüyümüz vəziyyəti düzgün təhlil etsək… Uşaqlarla qürur duydum. 10 nəfərlə mübarizə aparmaq çox çətin idi. Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq”.

Rəşad Sadıqov hakimlikdən də razı qalmadığını vurğulayıb:

“Rüstəm Əhmədzadənin işi çətin idi. Öndə tək forvard idi. Rəqib böyük qüvvə ilə hücum edirdi. Təbii ki, ondan daha çoxunu gözləyirdim. Amma hər mübarizədə də hakim əks istiqamətə foul verirdi, imkan vermirdi ki, Rüstəm mübarizə aparsın. Danışacağam, deyəcəklər ki, hakimlikdən danışır. Hamı hiss edirdi ki, hakimin rəqibə simpatiyası var idi. Salifu Sumanın aldığı qırmızı vərəqəyə gəlincə, epizoda baxmamışam. Təbii ki, günahı varsa, böyük cəza alacaq”.

“Əyyub Allaş bizim bugünkü “coker”imiz idi”

“Şerif”in baş məşqçisi Yuri Qura isə qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Penaltilər lotoreyadır. Çətin oldu. Qələbə üçün çox güc sərf etdik. Gündən-günə daha da güclənirik. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm. Qırmızı vərəqə oyunun taleyinə təsir etdi. Amma bir neçə epizodumuz var idi, qol vura bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Önəmli olan odur ki, Bakıdan evə qələbə ilə dönürük. Əyyub Allaş bizim bugünkü “coker”imiz idi. Tam hazır deyil. Ancaq şans verdik və ümidləri doğrultdu”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: