Rəşad Sadıqov: “Şerif”in təzyiqinə hazırıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”ə qarşı keçirəcəkləri ilk oyundan danışıb.

Arena.az xəbər verir ki, sabah Avropa Liqasında 1-ci təsnfat mərhələsinə start veriləcək.

Azərbaycanı bu turnirdə təmsil edəcək “Zirə” Moldova “Şerif”i ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun sabah Moldovada baş tutacaq.

“Şerif”lə oyundan öncə təşkil olunmuş mətbuat konfransında “Zirə”ni çalışdıran Rəşad Sadıqov da fikirlərini bölüşüb. 42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:

“Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. “Şerif” ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Bununla belə, düşünürəm ki, komandamız buna hazırdır. Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq. Heyətlərinə bir neçə yeni futbolçu cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik. Hər iki komanda üçün mövsümün ilk matçı olacaq”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Şerif”lə oyundan gözləntilərini bölüşüb. O, sabah vacib görüşə çıxacaqlarını bildirib:

“Komandamız əvvəlki mövsümlərdə avrokubok oyunları keçirib. Çalışacağıq ki, kollektiv olaraq geridə qalan turnirlərdə buraxdığımız səhvləri təkrarlamayaq. Komanda şəklində qarşılaşmaya tam hazırıq. Çalışacağıq ki, ilk görüşdə rəqibi daha yaxından tanıyaq. Belə olan halda cavab matçı daha asan olar”.

Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Şerif” – “Zirə” oyunu sabah – iyulun 11-də “Şerif” İdman Kompleksində baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: