Rəşad Sadıqov: “Şerif”lə cavab matçı ilk oyundan da çətin olacaq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə (Moldova) cavab görüşü öncəsi fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gəlib. İlk oyundakı nəticəni dəyişməyə çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. Oyunçularım hazırlığımızı və bacarıqlarını sabah meydanda göstərməlidirlər. Bizi Tiraspoldakından daha gərgin oyun gözləyir. İlk matçda uduzsaydıq da, belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. İlk hissədə hesabda irəli çıxmaq istəyirik. İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun. Hər şeyə hazır olmalıyıq. Allah qoysa, sabah mərhələni keçən tərəf biz olarıq.

Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Azərbaycan Kuboku oyunlarında belə ehtimal olanda da, penaltilərə hazırlaşmamışıq. Hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. İlk oyunda uduzsaydıq da, eyni fikirləri səsləndirəcəkdim. Başqa səbəbi yoxdur. Müasir futbolda avrokuboklarda ev-səfər oyunlarında fərq yoxdur. Səfərdə biz qalib gəldik. Amma komanda olaraq mütləq şəkildə hər ssenariyə hazır olmalıyıq. İstəyərdik ki, oyunun taleyi 90 dəqiqədə həll olunsun. Bizim xeyrimizə təbii ki… Mövsümün əvvəlidir. Hər iki komanda optimal formada deyil”.

“Futbolçularım bu oyunun məsuliyyətini tam dərk edirlər”

Rəşad Sadıqov cavab matçında hansı strategiyaya üstünlük verəcəklərinə dair suala da cavab verib: “Oyun planı ilə bağlı suallardan məcburiyyətdən yayınacağam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür. Rəqib açıqlamalarımıza diqqət yetirəcək. Biz də həmçinin. Təbii ki, üstünlüyümüz var. Bu hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, yaxşı düşünsünlər, təhlil etsinlər. “Şerif” təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var. Oyun planı ilə bağlı məsələləri matçdan sonra danışarıq”.

“Zirə”nin baş məşqçisi hücumdakı dişsizlikdən də söz açıb: “Hücumda problem olduğunu düşünmürəm. Bir neçə təhlükəli hücumumuz var idi. Qapıya bir zərbə endirdik, qolla nəticələndi. İlk yarıda Ceyhun Nuriyev topu yaxşı ram etsəydi, epizod olacaqdı. Razıyam ki, son ötürmələrdə daha dəqiq olmalıydıq. Biz də rəqibə 100 faizli epizod vermədik. Daha çox uzaqdan zərbələr vururdular. Hər iki komanda bir-birinə son fazada fərqlənməyə imkan vermirdi. Bütün komandalar yaxşı, kollektiv şəkildə müdafiə olunurlar. Nəzərə almalıyıq ki, qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı, kəsəri daha çox olsun. Necə alınacaq, zaman göstərəcək. Sabah uğurlu olmaq, mərhələ keçmək niyyətindəyiksə, meydanda daha yaxşı olmalıyıq. Ola bilsin ki, Tiraspolda göstərdiyimiz oyun bizə kifayət etməsin. Hamımız bunu başa düşürük. Daha yaxşı “Zirə” olmağa çalışırıq. Sabah ilk növbədə mental hazırlıq önəmlidir. Həftəiçi heç bir problem görmədim. Futbolçularım sabahkı oyunun məsuliyyətini tam dərk edirlər. Doğma azarkeşlər qarşısında oynayacağıq. Hamı özünün ən yaxşı oyununu sərgiləməlidir”.

“Yaxşı müdafiə olunub, hücumda da şanslar axtarmalıyıq”

Mətbuat konfransında “Zirə”nin müdafiəçisi Ruan Renato da iştirak edib. O, “Şerif”lə matç barədə bunları dilə gətirib:

“İlk oyundan daha gərgin matç olacaq. Çünki ilk oyundan sonra rəqibin də müəyyən hazırlıq prosesi olub. Daha hazırlıqlı, motivasiyalı olacaqlar. Doğma azarkeşlər önündə oynadığımızı nəzərə alsaq, ümidvaram ki, mərhələni biz keçərik. Onların dəstəyinə ehtiyacımız var.

Baş məşqçimizin də qeyd etdiyi kimi, rəqib daha motivasiyalı, daha hazırlıqlı olacaq. Müəyyən komponentlərdə yaxşı oynayırlar. Hər top uğrunda mübarizə aparan “Şerif” görə bilərik. İlk oyunda qazandığımız nəticə bizi növbəti mərhələyə daşımır. Hər birimiz sabah diqqətli olmalıyıq. Yaxşı müdafiə olunub, hücumda da şanslar axtarmalıyıq.

Rəqib bu dəfə daha çox irəli atılmağa çalışacaq. Amma bizim də onlara qarşı oyun təcrübəmiz var. Rəqibi analiz etmişik. Oyunçuların meydanda nələr edə biləcəklərindən xəbərdarıq. Ən yaxşısını edəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: