Azərbaycanın daha bir cüdoçusu – Rəşid Məmmədəliyev Monteneqroda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada təşkil olunmuş cüdo üzrə Avropa çempionatı davam edir.
Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub. Yığmamız yarışın ikinci gününü də bir medalla başa vurub. Rəşid Məmmədəliyev bürüncə sahib olub.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub. Ötən gün Əhməd Yusifov (60 kq) da bürünc medala sahib çıxmışdı.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Avropa çempionatına aprelin 27-də yekun vurulaşacaq.
Avropa çempionatı
Kişilər
73 kq
Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) sınağa çəkib. Rəşid də onunla dueldən qalib ayrılaraq yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) gücünü yoxlayıb. Təəssüf ki, cüdoçumuz uğurlu seriyanı davam etdirə bilməyib.
Rəqib qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparıb. Daha üstün çıxış edən Rəşid görüşün qalibi elan olunub.
Qadınlar
57 kq
Fidan Əlizadə 1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya) sınağa çəkib. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə Benta Ndiaye (İsveçrə) güləşib və rəqib mərhələ adlayıb.


