Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən qran-pri turnirində gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.
Rəşid Məmmədəliyev yarımfinalda Moldova təmsilçisi Adil Osmanova qalib gələrək finala yüksəlmişdi.
Bu gün eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Nurlan Osmanov, eləcə də 81 kq-dakı Zelim Tçkayev mübarizəni erkən dayandırıblar.
Xatırladaq ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) da gümüş medal qazanmışdı. Xanım cüdoçularımızdan isə Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.


