Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın “Şoçi” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Rusiya Kubokunun 2026/2027-ci illər mövsümün çərçivəsində Sankt-Peterburq “Dinamo”su ilə qarşılaşıb.
Səfərdə baş tutmuş görüş “Soçi”nin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ramil bu matçın 81-ci dəqiqəsində meydana buraxılıb.
Son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş Şeydayev “Soçi”yə bu yay azad agent kimi qoşulub. Tərəflər arasında bağlanmış sözləşmə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Ramil yeni komandasında 7 nömrəli forma ilə çıxış edir. O, “Soçi”nin heyətində meydana çıxdığı 6 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Ramil Şeydayev karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.
30 yaşlı hücumçu Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.


