Ramin Nəsirli “Neftçi”dən ayrıldı – Özəl

Bu ilin mart ayından icarə əsasında Latviyanın “Dauqavpils” komandasında çıxış edən Ramin Nəsirli “Neftçi”dən ayrılıb.

Arena.az saytının əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu ilə paytaxt klubu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nəsirlinin Latviya klubu ilə də icarə müqaviləsi bu ilin sonuna kimi olduğundan, hazırda futbolçu azad agent statusu daşıyır. Onun karyerasını harada davam etdirəcəyi hələlik dəqiqləşməyib.

Futbolçunun meneceri saytımıza açıqlamasında Raminlə Latviyanın iki klubunun maraqlandığını bildirib. Onun sözlərinə görə, “Valmiera” və “Liepaya” klubları azərbaycanlı yarımmüdafiəçini sıralarında görmək istəyir. Lakin Nəsirliyə Premyer Liqa klublarımızdan da maraq var. Hazırda elita təmsilçilərindən üçü gənc futbolçunu heyətində görmək istəyir. Onlardan biri də “Kəpəz”dir. Danışıqlar davam etdiyi üçün yekunda futbolçunun hansı variantı seçəcəyi bilinmir.

Xatırladaq ki, Ramin Nəsirli “Neftçi”nin yetirməsidir. Müqavilə ilə paytaxt klubuna məxsus olan yarımmüdafiəçi “Dauqavpils”ə 2023-cü ilin sonuna kimi icarəyə verilib. O, geridə qalan ildə bu komandanın heyətində 37 oyuna çıxıb, 3 qola imza atıb və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: