Ramin Quliyev: “Bu gün oyunumuz alınmadı”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:4 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Çox danışmayacağam. “Qarabağ” bütün komponentlərdə üstün idi. Zəif oynadıq. Qarşıdakı matçlara baxacağıq.

Heyətdə itkilərin çox olması bizə çətinliklər yaşatdı. Ruslan Abışovun istiliyi olduğu üçün heyətdən kənarlaşdırdıq. Halsızlıq var idi. Amma koronavirusla bağlı problem deyil. Əlimizdəki oyunçulardan istifadə etdik. Oyunumuz alınmadı. Dörd solayaq futbolçumuzun olmaması bizi rotasiyalara məcbur etdi.

İlk hissədən sonra futbolçulara da irad bildirdim. Onlara da söylədim ki, zəif oynadıq, döyüşsüz təslim olduq. Əzmkarlıq, istək aşağı səviyyədə idi. Səbəb göstərə bilmərəm. Məğlubiyyəti də həzm etmək lazımdır.

Komandadakı gələcəyimlə bağlı bir söz deyə bilmərəm. Bu, mənə aid sual deyil. Qalmaq istəyərəm. Amma son qərarı rəhbərlik verəcək.

Təmkin Xəlilzadənin “Neftçi” ilə anlaşması barədə xəbərlərə gəlincə, futbolçuların müqavilələri yayda başa çatır. Hələ qarşıda iki tur var. Təmkin də komandanın üzvüdür. Kiminləsə danışıb anlaşmasından xəbərsizəm. Amma istənilən halda xoşagəlməzdir. Diskvalifikasiyasının azaldılmasına gəlincə, düşünürəm ki, milli komandanın futbolçusu olduğu üçün cəzası yüngülləşdirilib”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: