Ramin Quliyev: “Uduzsaq da, komandama alqış düşür”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər. Rəqib hər iki qolu adi epizodlardan vurdu. Bunu bəxtsizlik hesab edirəm. Epizodlardan maksimum yararlana bilmədik. Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir.

Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirərdim. Adi vəziyyətdən qol buraxırıq, amma bir metrdən qol vura bilmirik. Bu gün Sebalyos yaxşı oynadı. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb, əsas heyət üzvüdür. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. 5 oyuna 1 xalımız var. Qərarı verən rəhbərlikdir. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacağam. Hər şeyi açıq danışacağam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq.

Növbəti turda “Keşlə” ilə qarşılaşacağıq. İki autsayder oynayacaq. Hərəmizin bir xalı var. “Keşlə”yə də xüsusi yanaşırıq. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil”.