Frankfurt “Ayntraxt”ının fransalı mərkəz hücumçusu Randal Kolo Muani bundan sonra PSJ-nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən məlumat verir.
Fransa nəhəngi 24 yaşlı futbolçu ilə 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Transfer məbləğinin 95 milyon avro olduğu və parislilərin gələcəkdə almanlara əlavə bonuslar da ödəyəcəyi bildirilir.
Kolo Muani “Ayntraxt”a 2022-ci ilin yayında “Nant”dan azad agent qismində keçmişdi. Cari mövsümdə o, “Ayntraxt”ın heyətində 4 oyuna çıxıb, 3 qol vurub. Ümumilikdə isə Kolo Muaninin karyerasının “Ayntraxt” dönəminin statistikası belədir: 50 oyun, 26 qol, 17 məhsuldar ötürmə.
Randal Kolo Muani 2022-ci ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 9 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

PSJ Lion “Olimpik”inin və Fransanın gənclərdən ibarət yığmasının sağ cinah vingeri Bradli Barkolanı da heyətinə qatıb. Transferin məbləği 45 milyon avro nəzərdə tutulub. Üstəlik, PSJ daha 5 milyon avro məbləği mümkün bonuslar şəklində Lion klubuna ödəyəcək.
Barkola PSJ ilə 5 illik – müddəti 2028-ci il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Barkola “Olimpik”in heyəyində 31 oyuna çıxıb, 7 qol vurub, 10 məhsuldar ötürmə edib. Barkola cari mövsümdə də lionluların heyətində 3 oyuna çıxmağa macal tapıb, amma məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Ümumilikdə Barkola “Olimpik”dəki karyerası ərzində 47 oyun keçirib, 7 qol vurub, 12 məhsuldar ötürmə verib.
Barkola Fransanın U-18, U-20, U-21 yığmalarında oynasa da, əsas yığma komandada hələ oyun keçirməyib.
Xatırladaq ki, cari ilin yay transfer pəncərəsində PSJ müdafiəçilər – Milan Şkrinyarı və Lukas Ernandesi, yarımmüdafiəçilər – Marko Asensionu və Manuel Uqarteni, hücumçular – Usman Dembeleni və Qonsalo Ramosu da heyətinə qatıb.
PSJ-də dörd ayrılıq
PSJ dörd futbolçusu ilə də yollarını ayırıb. Sağ cinah müdafiəçisi Timote Pembele İngiltərənin “Sanderlend” klubuna keçib. 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. İngilislərin bu keçidə görə PSJ-yə nə qədər məbləğ ödədiyi açıqlanmır. PSJ-nin yetirməsi olan, Paris klubunun əsas komandasında 15 oyuna 1 qol və 1 assistlə yadda qalmış Pembele “Bordo”da da icarədə olub.
Parislilər sol cinah müdafiəçisi Xuan Bernatı “Benfika”ya, Kolin Daqbanı “Oser”ə, İsmael Qarbini isə “Lozanna Uşi”yə icarəyə verib. Onların hər biri bu mövsümün sonuna kimi icarədə olacaqlar.


