“Mançester Yunayted”in danimarkalı mərkəz hücumçusu Rasmus Höylund fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
“Qırmızı şeytanlar”ın hücumçusu mükafat uğrunda “Arsenal”ın vingeri Bukayo Saka, “Aston Villa”nın hücumçusu Olli Uotkins, “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Filip Foden, “Brayton”un yarımmüdafiəçisi Paskal Qross, “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes və “Fulhem”in hücumçusu Rodriqo Munisi üstələyib.
Rasmus Höylund fevral ayında Premyer Liqanın 5 oyununda 4 qol vurub.
Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.
“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Höylund “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 30 oyun keçirib, 13 qol vurub, 2 məhsudlar ötürmə verib.
Rasmus Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var.
Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Höylund Premyer Liqanın cari mövsümündə ayın ən yaxşı oyunçusu seçilən ikinci “Mançester Yunayted”li futbolçudur. Daha öncə Harri Maquayr noyabr ayının ən yaxşı oyunçusu seçilmişdi. Bütövlükdə bu mövsüm ayın ən yaxşı oyunçusu seçilmiş futbolçular bunlardır:
Avqust 2023 – Ceyms Meddison (“Tottenhem”)
Sentyabr 2023 – Son Hın Min (“Tottenhem”)
Oktyabr 2023 – Məhəmməd Salah (“Liverpul”)
Noyabr 2023 – Harri Maquayr (“Mançester Yunayted”)
Dekabr 2023 – Dominik Solanke (“Bornmut”)
Yanvar 2024 – Dioqo Jota (“Liverpul”)


