Bu gün İspaniyanın “Real” (Madrid) və İtaliyanın “Atalanta” komandaları arasında UEFA Super Kuboku uğrunda oyun keçirilib.
Arena.az xəbər verir ki, sözügedən kollektivlər Polşanın Varşava şəhərində qarşılaşıblar.
Oyun Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “kral klubu” tarixində 6-cı dəfə UEFA Super Kubokunun qalibi olub. Madrid təmsilçisi daha öncə 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə də oxşar uğura imza atmışdı. İspaniya nəhəngi daha üç dəfə (1998, 2000 və 2018-ci illərdə) UEFA Super Kubokunda iştirak etsə də, məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Real” “Atalanta” üzərindəki qələbə sayəsində UEFA Super Kubokunu ən çox qazanmış kluba çevrilib. Madrid təmsilçisi daha öncə bu rekordu “Barselona” və “Milan”la (hər iki klub 5 dəfə bu uğura imza atıb) bölüşürdü.
Sonda onu da xatırladaq ki, İspaniya çempionu 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının, “Atalanta” isə Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
14 avqust
Real (İspaniya) – Atalanta (İtaliya) 2:0
Qollar: Federiko Valverde, 59, Kilian Mbappe, 68.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Real: Tibo Kurtua, Dani Karvaxal (Lukas Vaskes, 88), Eder Militao, Antonio Rüdiger, Ferlan Mendi, Federiko Valverde, Orelyen Tçuameni, Rodriqo (Luka Modriç, 76), Cud Bellingem (Dani Sebalyos, 88), Vinisius Junior (Arda Gülər, 88), Kilian Mbappe (Brahim Dias, 83).
Atalanta: Xuan Musso, Sead Kolaşinaç (Mitçell Bakker, 71), İsak Hin (Marko Palestra, 90), Berat Djimsiti, Matteo Rüggeri, Ederson, Marten de Ron, Davide Zappakosta (Ben Qodfri, 62), Mario Paşaliç (Alberto Mansoni, 90), Ademola Lukman, Şarl de Ketelare (Mateo Reteqi, 62).


