Renat Dadaşov “Bukovina”da debüt matçına çıxdı

Futbol üzrə Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının heyətində debüt edib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində “Zorya” (Luqansk) ilə qarşılaşıb.

Çernovtsı təmsilçisi ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1. Renat görüşün 66-cı dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb.

“Bukovina” 6 turdan sonra 7 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda 6 oyunda 1 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb.

Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 45 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: