İngiltərənin “Vulherhempton” klubunda çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək. Arena.az xəbər verir ki, yüksək liqa təmsilçisi “Tondela” 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürüb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən futbolçunun sabahdan komanda ilə məşqlərə qoşulacağı bildirilib.
Renat yeni komandasına keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama da verib: “Yeni klubumda debüt etməyi səbrsizliklə gözləyirəm. Karyeramda yeni atdığım addımdan çox razıyam. Ailəm və dostlarımla danışdım, bu fürsəti dəyərləndirməyə qərar verdim. Başa düşdüm ki, mənim üçün ideal variantdır”.
Qeyd edək ki, Renat Dadaşov “Vulherhempton”a 2018-ci ildə Portuqaliyanın “Eştoril” klubundan transfer olunub. Onun bu klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. Azərbaycan millisində də oynamış futbolçu 2019-cu ildə icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda çıxış edib. Ötən il İsveçrənin “Qrashopper” klubu da onu icarəyə götürmüşdü. Lakin futbolçu ağır zədə aldığı üçün bu komandada rəsmi oyuna çıxa bilməmişdi.


