Renato Veyqa “Yuventus”u tərk etdi, “Çelsi”yə qayıtdı

Portuqaliya yığmasının və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Renato Veyqa “Yuventus”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Yuventus” 21 yaşlı portuqaliyalı futbolçunu bu ilin yanvarında 2024/2025-ci illər mövsümünün sonuna kimi icarəyə götürmüşdü. Turinlilər yarım mövsümlük icarə üçün “zadəganlar”a 4 milyon avro ödəmişdilər. Gənc futbolçu bu komandanın heyətində 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Renato Veyqa Lissabon “Sportinq”inin yetirməsidir. O, 2023-cü ilin avqust ayında məhz bu klubdan 4,6 milyon avro qarşılığında İsveçrənin “Bazel” komandasına keçib. “Çelsi” Renatonu 2024-cü ilin iyul ayında 14 milyon avroya “Bazel”dən transfer edib. Portuqaliyalı futbolçunun İngiltərə nəhəngi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Veyqa “Çelsi”nin heyətində geridə qalmış mövsümdə 18 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Veyqa hələ “Sportinq”də olarkən, 2022/2024 mövsümünün ikinci hissəsini Almaniyanın “Auqsburq” klubunda icarədə keçirib. O, bu komandanın heyətində 13 oyuna çıxıb, məhsuldarlıq nümayiş etdirməyib.

Portuqaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Renato, 2024-cü ilin oktyabr ayında əsas millidə debüt edib. O, Portuqaliya milli komandasının heyətində 4 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: