Riçarlison uğurlu cərrahi əməliyyatdan çıxdı

Braziliya millisinin və “Tottenhem”in mərkəz hücumçusu Riçarlison qasıq nahiyəsində uğurlu cərrahi əməliyyatdan çıxıb.

Arena.az bu barədə “Tottenhem”in rəsmi saytına istinadən məlumat verir:

“Riçarlisonun bu gün qasıq əməliyyatı keçirdiyini təsdiqləyə bilərik. Braziliya millisinin oyunçusu həkimlərimizin rəhbərliyi altında dərhal bərpaya başlayacaq və daha sonra yaxın həftələrdə məşqlərə qayıdacaq”, – klubun bəyanatında bildirilir.

Riçarlison “Amerika Mineyro”nun yetirməsidir. Braziliyalı hücumçu “Tottenhem”ə 2022-ci ilin iyulunda 58 milyon avro müqabilində “Everton”dan keçib. Riçarlisonun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

O, cari mövsümdə “Tottenhem”in heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Riçarlisonun “mahmızlar”ın heyətində ümumi statistikası isə belədir: 46 oyun, 5 qol, 7 məhsuldar ötürmə.

Riçarlison 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin hetyətində 48 oyuna 20 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. O, “selesao” ilə 2019 Amerika Kubokunun, 2020 Tokio Olimpiadasının qalibi, həmçinin 5 qolla müvafiq futbol yarışının ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Riçarlisonu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: