İngiltərənin “Çelsi” klubunun sağ cinah müdafiəçisi Ris Ceyms yolverilməz davranışına görə diskvalifikasiya edilə bilər.
Arena.az bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Ceyms qurum tərəfindən Premyer Liqanın 6-cı turu çərçivəsində “Aston Villa” ilə qarşılaşma zamanı tribunalaraltı məkanda hakimlə yolverilməz ünsiyyətdə ittiham edilib. Çox güman ki, futbolçu “oyun rəsmisi ilə ünsiyyətdə nalayiq sözlər işlətdiyi” üçün diskvalifikasiya ilə üzləşəcək. Vurğulanır ki, Ceyms İngiltərə Futbol Assosiasiyasının müvafiq ittihamlarını sentyabrın 29-na qədər cavablaya və məsələyə aydınlıq gətirə bilər. Bununla belə, cəzanın qaçılmaz olduğu aşkardır.
Xatırladaq ki, “Çelsi”nin “Stemford Bric”də “Aston Villa”nı qəbul etdiyi oyun “zadəganlar”ın doğma meydanda minimal hesablı gözlənilməz məğlubiyyəti ilə başa çatıb – 0:1.
Oyunu Carred Cillettin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Ceyms “Çelsi”nin əsas komandasında 2019-cu ilin iyulundan çıxış edir. Müdafiəçinin “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ceyms “Çelsi”nin heyətində yalnız bir rəsmi oyunda – “Liverpul”la Premyer Liqanın açılış oyununda (1:1) meydana çıxıb. Bundan sonra müdafiəçi zədə alıb və hazırda sağalmaqla məşğuldur. Göründüyü kimi, gününü yaşıl meydanları seyr etməklə keçirən Ceyms oynamadan da cəzalanmağı bacarır.
Ris Ceyms 2020-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 16 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Ris Ceymsi 65 milyon avro məbləğində qiymətləndirir.


