“Barselona”nın 36 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovski Polşa yığma komandasında çıxış etməkdən imtina edib.
Arena.az məlumat verir ki, Levandovski özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı açıqlamasında müvafiq qərarını, Polşa yığmasının baş məşqçisi, 52 yaşlı polyak mütəxəssis Mixal Probejə etimadsızlığı ilə əsaslandırıb:
“Vəziyyəti və Polşa yığmasının baş məşqçisinə etimadımın itirilməsini nəzərə alaraq, mən milli komanda üçün çıxışlarımı, o, bu vəzifəni daşıdığı müddətdə dayandırıram. Ümidvaram, gələcəkdə mənə, dünyanın ən yaxşı azarkeşləri üçün oynamaq müyəssər olacaq”, deyə “Lyova” paylaşıb.
Xatırladaq ki, Mixal Probej Polşa yığmasının sükanı arxasına 2023-cü ilin sentyabr ayında keçib. Probejin rəhbərliyi altında “qartallar” 2024-cü ilin Avropa çempionatının final mərhələsini tərk etmiş ilk komanda olublar. Buna rəğmən, o vaxt Polyak Futbol İttifaqının (PZPN) prezidenti Sezari Kuleşa polyak mütəxəssisə dəstəyini nümayiş etdirmişdi.
Robert Levandovski buna qədər kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 157 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa milli yığma komandasının mütləq rekordçusudur.


