Roberto Bordin “Şerif”dən göndərildi

Moldovanın “Şerif” komandasının baş məşqçisi, 58 yaşlı italyan mütəxəssis Roberto Bordin tutduğu vəzifədən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Tiraspol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bordinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Bordin bu ilin yanvar ayından “Şerif”in baş məşqçisi idi. O, bu müddətdə komandanı 36 oyuna çıxarıb. Bu görüşlərdə 23 qələbə qazanmış tiraspollular 5 heç-heçə ediblər, 8 oyunda məğlubiyyətə üzülüblər.

İtalyan məşqçi 2016-2018-ci illər aralığında da “Şerif”in “sükanı arxasında” çalışıb. Həmin vaxt o, bu komandanı 56 oyuna (37 qələbə, 12 heç-heçə və 7 məğlubiyyət) çıxarmışdı.

Xatırladaq ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub. Paytaxt təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında 54 oyun (30 qələbə, 13 heç-heçə, 11 məğlubiyyət) keçirib. “Neftçi”dən ayrılandan sonra Moldova milli komandasına da rəhbərlik etmiş Bordin öz ölkəsində “Triestia”da baş məşqçi, “Verona”da köməkçi məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: