Rodri – DÇ-2026-nın ən yaxşı futbolçusu!

İspaniya milli komandasının və “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri dünya çempionatının (DÇ-2026) ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, FIFA-nın qərarı ilə təqdim olunan turnirin ən yaxşı oyunçusu mükafatına layiq görülmüş futbolçu bu mundialda 8 qarşılaşmada iştirak edib.

O, turnirdə qol və məhsuldar ötürmə ilə yadda qalmasa da, İspaniya millisinin dünya çempionluğunda əsas fiqurlardan biri olub.

İspaniya finalda Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

2026-cı il dünya çempionatında fərdi mükafatların digər qalibləri də müəyyənləşib. İspaniya millisinin qapıçısı Unai Simon turnirin ən yaxşı qapıçısı seçilib. Ən yaxşı gənc futbolçu mükafatına isə onun həmyerlisi, müdafiəçi Pau Kubarsi layiq görülüb. Mundialın ən yaxşı bombardiri isə Fransa millisinin hücumçusu Kilİan Mbappe olub.

30 yaşlı Rodri 2019-cu ildən İngiltərənin “Mançester Siti” klubunda çıxış edir. Bundan əvvəl o, İspaniyanın “Atletiko” və “Vilyarreal” komandalarının formasını geyinib.

Rodri “Mançester Siti” ilə İngiltərə çempionatını 4 dəfə, İngiltərə Liqa Kubokunu 3 dəfə, İngiltərə Kubokunu 2 dəfə, UEFA Super Kubokunu isə 2 dəfə qazanıb. O, həmçinin UEFA Çempionlar Liqası, İngiltərə Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.

İspaniya millisinin heyətində isə o, 2024-cü ildə Avropa çempionatını, 2023-cü ildə isə UEFA Millətlər Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: