Rodri elit kluba qoşuldu – DÇ, ÇL və “Qızıl top”

İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri dünya çempionatının (DÇ-2026) qalibi olmaqla futbol tarixində xüsusi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu dünya çempionluğu, UEFA Çempionlar Liqası və “Qızıl top” mükafatını qazanan cəmi 11-ci futbolçu olub.

Rodri 2023-cü ildə İngiltərənin “Mançester Siti” klubunun heyətində UEFA Çempionlar Liqasını qazanıb. Bir il sonra İspaniya millisi ilə Avropa çempionu olub və həmin ilin sonunda “Qızıl top” mükafatına layiq görülüb. O, bu uğurların davamı olaraq 2026-cı ildə dünya çempionluğu sevincini də yaşayıb.

Rodridən əvvəl bu uğura yalnız Braziliya futbolunun əfsanələri Rivaldo, Ronaldinyo və Kaka, Almaniya təmsilçiləri Frants Bekkenbauer və Gerd Müller, Fransa futbolçuları Zinəddin Zidan və Usman Dembele, İngiltərə millisinin sabiq kapitanı Bobbi Çarlton, İtaliya yığmasının keçmiş hücumçusu Paolo Rossi, eləcə də Argentina millisinin kapitanı Lionel Messi nail olmuşdular.

Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. Bundan əvvəl o, “Atletiko” və “Vilyarreal” klublarında çıxış edib.

İspan yarımmüdafiəçi klub səviyyəsində dörd dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə Liqa Kubokunun, iki dəfə İngiltərə Kubokunun qalibi olub. O, həmçinin UEFA Super Kuboku, İngiltərə Super Kuboku və klublararası dünya çempionatını da qazanıb.

Milli komandanın heyətində isə Rodri UEFA Millətlər Liqasının (2022/23), Avropa çempionatının (2024) və dünya çempionatının (2026) qalibi olub.

İspaniya mundialın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: