“Real”ın braziliyalı sağ vingeri Rodriqo Qoes sosial şəbəkələrdə kütləvi irqi təhqirlərə məruz qaldığı haqda bildirib.
Arena.az məlumat verir ki, Rodriqo bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb.
Braziliyalı futbolçu 2026-cı il düyna çempionatının CONMEBOL zonası üzrə seçmə mərhələsi çərçivəsində Argentina yığmasına qarşı oyundan sonra (0:1) sosial şəbəkələrdə ünvanına yönəlmiş irqçi təhqirlər və hədələr barədə danışıb. O, müvafiq əməlləri pisləyib və bunlara qarşı birlikdə mübarizə edəcəyini vurğulayıb:
“İrqçilər hər zaman məqam gözləyirlər. Sosial şəbəkə hesablarım təhqirlər və hər cür cəfəngiyyatla doludur. Bu, hər kəsin görə biləcəyi bir şeydir!
Əgər onların istədiklərini etməsək. Biz özümüzü onların düzgün hesab etdiyi kimi aparmasaq. Onların bəyənmədiyi şeyləri geyinməyi dayandırmasaq. Yenidən hücuma məruz qalanda başımızı aşağı salmasaq. Yalnız özlərinə aid olduğunu düşündükləri yerləri götürsək. Yalnız bundan sonra irqçilər cinayət əməllərinə görə cəza alacaqlar.
Onları uğursuzluq gözləyir! Biz dayanmayacağıq”, deyə Rodriqo bildirib.
Xatırladaq ki, milli komandalar arasında Braziliya – Argentina rəqabəti ən qocaman və qatı rəqabətdir. Vurğulayaq ki, argentinalı, uruqvaylı və çilili azarkeşlər cənubiamerikan futbolunda xuliqanlığı ilə ad çıxarıblar. Ələlxüsus Braziliyaya millisinə qarşı oyunlarda onlar müvafiq təxribatlara rəvac verirlər.
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 182 oyuna çıxıb, 42 qol vurub, 36 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 17 oyuna 5 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Braziliyalı vinger “Kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 18 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Rodriqonu 100 milyon avro məbləğində qiymətləndirir.


