Futbol üzrə Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendes İspaniyanın “Barselona” klubu ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tam adı Joao Mendes de Assis Moreyra olan 18 yaşlı hücumçu yeni komandası ilə 1.5 illik anlaşıb. O, hələlik İspaniya klubunun U-19 komandasında çıxış edəcək.
Son olaraq “Kruzeyro”nun formasını geyinən Joao Mendes, daha öncə “Flamenqo”, “Vasko da Qama” və “Boavişta-RJ” klublarının da uşaq komandalarında oynayıb.
Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illər aralığında məhz “Barselona”nın uğurları üçün çalışıb. Braziliyalı əfsanəvi futbolçu Kataloniya təmsilçisində 207 oyuna 94 qol vurub. Keçmiş yarımmüdafiəçi bu komanda ilə UEFA Çempionlar Liqasının (2), İspaniya La Liqasının (2), İspaniya Super Kubokunun (2) qalibi olub. O, özü də həmin dövrdə 2 dəfə ilin ən yaxşı futbolçusu elan edilib. İndi İspaniya nəhəngi Ronaldinyonun oğlu ilə müqavilə bağlamaqla, onun da atası kimi uğurlu olacağına ümid bəsləyir.
Ronaldinyo karyerası ərzində “Qremio”, PSJ, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında da 97 oyun keçirib və 33 qola imza atıb. Keçmiş futbolçu ölkəsinin yığması ilə də DÇ-2002-nin qalibi olub.


