“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun “YouTube” kanalı dünya rekordu qırıb.
Arena.az ESPN portalına istinadən məlumat verir ki, Kristino Ronaldonun şəxsi “YouTube” kanalı 1 milyon abunəçini toplamağa sərf edilmiş vaxta görə videomüstəvinin tarixində mütləq reokrd müəyyənləşdirib.
Mənbənin məlumatına görə, dünya rekordunun müəyyən edilməsi üçün Ronaldonun kanalına 90 dəqiqə vaxt kifayət edib. Elan edildiyi andan etibarən iki saat ərzində isə 2 milyondan çox istifadəçi ulduz futbolçunun kanalına abunə olub.
“Gözləntilərim sona çatdı. Mənim “YouTube” kanalım nəhayət buradadır. Abunə olun və bu səfərdə mənə qoşulun”, – Ronaldo özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Cari mövsümə isə o, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası bütövlükdə 65 oyun, 59 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


