“Kristal Pelas”ın baş məşqçisi Roy Hocson cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Hocsonun bu mövsümün sonunda 45 illik məşqçilik karyerasını bitirməyi düşündüyü qeyd olunub. Bu üzdən də 73 yaşlı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Qeyd edək ki, Roy Hocson 2017-ci ildən “Kristal Pelas”ı çalışdırırdı. O, indiyə qədər bu komandanı 160 oyuna çıxarıb. “Kristial Pelas” bu oyunlarda 54 qələbə qazanıb, 38 heç-heçə edib, 68 dəfə uduzub. İngilis mütəxəssis çalışdırdığı klublar arasında yalnız 1985-1989-cu illər aralığında rəhbərlik etdiyi “Malmö”nü “Kristal Pelas”dan daha çox oyuna çıxarıb – 165 matç.
Hocsonun daha öncə ölkəsində “Fulhem”, “Vest Bromviç”, “Liverpul”, “Belkbern”, “Bristol Siti” klublarının da baş məşqçisi olub. O, “İnter”, “Udineze” (İtaliya), “Qrasshoppers” (İsveçrə), “Kopenhagen” (Danimarka) kimi komandalarda da çalıb. 2012-2016-cı illər aralığında İngiltərə millisində baş məşqçilik edən mütəxəssis, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya yığmalarında da oxşar vəzifələrdə işləyib.


