Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasının baş məşqçisi Roy Hocson istefaya göndərilib.
Arena.az xəbər verir ki, klub rəhbərliyi çempionatın ən yaşlı çalışdırıcısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
76 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək işlərində uğurlar arzulanıb.
Xatırladaq ki, Roy Hocson “Kristal Pelas” 2023-cü ilin mart ayından rəhbərlik edirdi. Onun bu klubla müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcəkdi. Lakin həm komandanın 2023/2024 mövsümündəki uğursuz çıxışı, həm də Hocsonun səhhətindəki problemlərlə əlaqədar tərəflər vaxtından əvvəl vidalaşmağa üstünlük veriblər. Bu müddətdə təcrübəli məşqçi “Kristal Pelas”ı 38 oyuna çıxarıb. Bu görüşlərdə 12 qələbə, 10 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
“Kristal Pelas” bu mövsüm Premyer Liqada 24 oyuna topladığı 24 xalla 16-cı pillədə qərarlaşıb.
Hocson daha öncə də “Kristal Pelas”a rəhbərlik edib. Belə ki, o, 2017-ci ilin sentyabrından 2021-ci ilin 30 iyununa kimi bu komandanı 162 matça çıxarıb. “Kristal Pelas” bu görüşlərdə 54 qələbə qazanıb, 36 heç-heçə edib və 72 məğlubiyyətə üzülüb. 2021-ci ilin may ayında sözügedən klub Hocsonun 2020/21 mövsümünün sonunda məşqçilik karyerasını bitirmək arzusunda olduğu üçün onunla yolları ayıracağını açıqlamışdı. Düzdür, Premyer Liqa təmsilçisi təcrübəli məşqçiylə mövsüm bitəndə yeni müqavilə bağlamamış və onunla vidalaşmışdı. Lakin Hocson karyerasını bitirməmiş, əksinə, 2022-ci ilin yanvarında “Uotford”un baş məşqçisi təyin edilmişdi.
İngilis mütəxəssis daha öncə ölkəsində “Fulhem”, “Vest Bromviç”, “Liverpul”, “Belkbern”, “Bristol Siti” kimi klubların baş məşqçisi olub. O, “İnter”, “Udineze” (İtaliya), “Qrasshopper” (İsveçrə), “Kopenhagen” (Danimarka) kimi komandalarda da çalışıb. 2012-2016-cı illər aralığında İngiltərə millisində baş məşqçilik edən mütəxəssis, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya yığmalarında da oxşar vəzifələrdə işləyib.


