Roy Hocson futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasının yeni baş məşqçisi təyin edilib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Hocsonla anlaşma bu mövsümün sonunadək nəzərdə tutulub. 75 yaşlı mütəxəssisin sonrakı taleyi bu mövsümün yekunundakı nəticələrdən asılı olacaq.
Xatırladaq ki, Roy Hocson daha öncə də “Kristal Pelas”a rəhbərlik edib. O, 2017-ci ilin sentyabrından 2021-ci ilin 30 iyununa kimi bu komandanı 162 matça çıxarıb. “Kristal Pelas” bu görüşlərdə 54 qələbə qazanıb, 36 heç-heçə edib və 72 məğlubiyyətə üzülüb. 2021-ci ilin may ayında sözügedən klub Hocsonun 2020/21 mövsümünün sonunda məşqçilik karyerasını bitirmək arzusunda olduğu üçün onunla yolları ayıracağını açıqlamışdı. Düzdür, Premyer Liqa təmsilçisi təcrübəli məşqçiylə mövsüm bitəndə yeni müqavilə bağlamamış və onunla vidalaşmışdı. Lakin Hocson karyerasını bitirməmiş, əksinə, 2022-ci ilin yanvarında “Uotford”un baş məşqçisi təyin edilmişdi. Ötən mövsümün sonunda bu klubdan ayrılan mütəxəssis indi də yenidən “Kristal Pelas”ın “sükanı arxasına” keçib.
İngilis mütəxəssis daha öncə ölkəsində “Fulhem”, “Vest Bromviç”, “Liverpul”, “Belkbern”, “Bristol Siti” kimi klubların da baş məşqçisi olub. O, “İnter”, “Udineze” (İtaliya), “Qrasshoppers” (İsveçrə), “Kopenhagen” (Danimarka) kimi komandalarda da çalışıb. 2012-2016-cı illər aralığında İngiltərə millisində baş məşqçilik edən mütəxəssis, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya yığmalarında da oxşar vəzifələrdə işləyib.
“Kristal Pelas”ı 2021-ci ilin iyulundan bəri Patrik Vieyra çalışdırırdı. Amma o, komandanın cari mövsümdəki uğursuz çıxışı səbəbindən bir neçə gün öncə istefaya göndərilmişdi. Sonuncu dəfə 2022-ci ilin 31 dekabrında “Bornmut”a səfərdə 1:0 hesabıyla qalib gəlmiş “Kristal Pelas” bu il 3 xala həsrətdir. Komanda bu il keçirdiyi 13 oyunda 8 məğlubiyyətə üzülüb və cəmi 5 heç-heçəyə imza atıb.
“Kristal Pelas” bu mövsüm Premyer Liqada 28 oyuna 6 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.


